Rusiya buğda ixracına qoyulan rüsumları kəskin artırıb | Banco.az

Rusiya buğda ixracına qoyulan rüsumları kəskin artırıb

Müəllif:Mehin Qasımova,Banco.az 

Noyabrın 12-dən etibarən Rusiyada buğda ixracına tətbiq olunan rüsum dərəcəsi 2,4 dəfə artırılıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, ötən həftə 76 rubl olan ixrac rüsumu 185,5 rubla yüksəlib. Arpa və qarğıdalı üçün rüsum dərəcələri isə dəyişməyərək sıfır səviyyəsində saxlanılıb.

Qeyd edək ki, Rusiyada taxıl ixracı üzrə üzən rüsum mexanizmi 2021-ci ildən qüvvədədir. Sistem baza və indikativ qiymətlər arasındakı fərqin 70 faizinə əsaslanır və hər həftə yenidən hesablanır. Bu mexanizmdən əldə olunan vəsait kənd təsərrüfatı istehsalçılarına subsidiya şəklində geri qaytarılır.

Hazırkı dövrdə əsas ixrac qiymətləri buğda üçün 18 000 rubl, arpa və qarğıdalı üçün isə 17 875 rubl səviyyəsində müəyyən edilib. Nəticədə bir ton buğdanın, arpanın və qarğıdalının maya dəyəri müvafiq olaraq 226,6, 200,3 və 212,1 ABŞ dolları olub.

Məlumata əsasən, buğda üçün baza qiyməti 2024-cü ilin iyun ayından dəyişməyib, arpa və qarğıdalı üçün isə 2025-ci il iyulun 24-dən etibarən hər ton üçün min rubl artırılıb.