Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rus rublunun 2025-ci ildəki taleyi ilə bağlı suallar aktuallığını qoruyur. Hazırda 101 səviyyəsində möhkəmlənən rublun gələcəkdə hansı istiqamətdə hərəkət edəcəyi bir çox daxili və xarici amillərdən asılıdır.
Analitiklər neft qiymətlərinin artımı, iqtisadi göstəricilər və beynəlxalq siyasətdəki dəyişikliklərin milli valyutaya təsir göstərə biləcəyini vurğulayırlar.
Banco.az xəbər verir ki, rus rublunun gələcəkdə hansı istiqamətdə hərəkət edəcəyi barədə analitik Nataliya Pırıyava açıqlama verib.
Pırıyavanın sözlərinə görə, 2025-ci ildə neftin qiymətinin artması rubl üçün mühüm dəstək ola bilər.
Analitik qeyd edir ki, xammalın bahalaşması Rusiyaya valyuta axınını artırmaqla yanaşı, likvidlik çatışmazlığı ilə bağlı gərginliyi də azalda bilər. Bu, ölkənin iqtisadi sabitliyinə müsbət təsir edəcək.
Bundan əlavə, yanvar ayının iyirmisində Rusiyanın ticarət və ödəmə balansına dair yeni məlumatlar açıqlanacaq. Bu göstəricilər əsasında ölkənin valyuta ilə təmin olunma səviyyəsi müəyyən ediləcək ki, bu da rublun zəifliyini və ya gücünü qiymətləndirməyə imkan verəcək.
Diqqətəlayiq digər hadisələrdən biri isə 20 yanvarda ABŞ-da Donald Trampın prezident vəzifəsinə rəsmi olaraq başlamasıdır. Analitiklər hesab edirlər ki, Trampın inaqurasiyası iki ölkə arasında münasibətlərin istiləşməsinə səbəb ola bilər. Bu da rublun möhkəmlənməsinə əlavə dəstək verə bilər.
Mütəxəssislər bildirirlər ki, bu proseslər rublun 2025-ci ildəki taleyini müəyyən edəcək əsas amillərdən olacaq.