Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Marketinq dünyasında tez-tez eşidilən şikayətlərdən biri də reklamların verildiyi halda nəticəsinin olmaması ilə bağlıdır.
Bəs, problem məhsulda, auditoriyada, yoxsa strategiyadadır?
Banco.az xəbər verir ki, bu barədə danışan marketinq mütəxəssisi Elnur Salehovun fikirlərinə görə, reklam kampaniyalarının uğursuzluğuna əsas səbəb problemləri açıq şəkildə analiz edib və həll yollarını göstərməyi bacarmamaqdır:
“Əsas səbəb məhsulunuzu və alıcınızı yaxşı tanımamağınızdır. Çox vaxt marketoloqlar özlərini analizlərə və strategiyalara elə qapdırırlar ki, alıcıların nə istədiyini unudurlar. Əsas məsələ alıcını başa düşməkdir.Çünki müştərilər məhsulu seçərkən əsasən hisslərinə güvənirlər və sadə suallar verirlər”.
Elnur Salehov vurğulayıb ki, məhsulun dəyərini müştəriyə düzgün şəkildə göstərmək lazımdır:
“Özünüz məhsula inanmırsınızsa, müştəri də inanmayacaq. Marketinq təkcə Facebook və Instagram reklamlarından ibarət deyil. Bəzən sərgilərə qatılmaq, insanlarla ünsiyyət qurmaq və köhnə üsullardan – vizit kartlardan, tədbirlərdən istifadə etmək də təsirli olur. Reklam kampaniyasına başlamadan əvvəl səhifənizin izləyicilərini və bazar auditoriyasını analiz edin. Kontentiniz maraqsızdırsa, nə qədər pul xərcləsəniz də, nəticə olmayacaq. İlk saniyələrdə diqqət çəkmək vacibdir, çünki müştəri o vaxt qərar verir.”
Ekspert məsləhət bilir ki, müştərini dinləyib güvən yaratmaqla onu məhsulu almaq üçün həvəsləndirmək olar:
“Marketinq elə bir sənətdir ki, müştəriyə ürəyinizdən gələn dəyəri göstərsəniz, onlar sizə həm etibar edəcək, həm də pul xərcləyəcək. Faydalı olun, müştəriniz dostunuzdur. Uğurun açarı səmimiyyətdir”.