Regionlarda kredit faizləri niyə yüksəkdir? – AÇIQLAMA | Banco.az

Regionlarda kredit faizləri niyə yüksəkdir? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin noyabr ayının 1-nə Bakı iqtisadi rayonuna banklar tərəfindən kredit qoyuluşları 20 milyard 808 milyon 505 min manat təşkil edib.

Bu barədə Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb.

Hesabat dövründə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı iqtisadi rayonunda qeydə alınıb. Bu dövrdə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 182 milyon 130 min manat təşkil edib.

Regionlarda kredit faizlərinin yüksək olması barədə Banco.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bunun bircə səbəbi var:

“Bütün kreditlər əsasən daşınmaz əmlakın girovu müqabilində verilir. Bakıdan kənar regionlarda daşınmaz əmlak riskli aktiv sayılır, çünki onu satmaq,  kredit qayıtmasa, pula çevirmək çətindir və daha ucuzdur. Bu girovların dəyərləndirilməsinin riskli olduğunu nəzərə alaraq regionlarda verilən kreditlər daha baha, faiz nisbəti yüksək olur”.

Ekspert qeyd edib ki, Bakıdakı daşınmaz əmlak aktivləri daha likviddi olduğu üçün  onları satmaq və kreditlə bağlı problemləri daha tez həll etmək mümkündür.

Məlumat üçünü bildirək ki, 2024-cü ilin noyabr ayının 1-nə ümumi kreditlərin orta faiz dərəcəsi 19,21% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 19,24%, sərbəst dönərli valyutada isə 7,52% olub. Noyabrın 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 milyard 80 milyon 522 min manat təşkil edib.