Qlobal qəhvə ixracı təxminən 12% artıb | Banco.az

Qlobal qəhvə ixracı təxminən 12% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qlobal qəhvə ixracı 2023/24 marketinq mövsümündə (oktyabr-sentyabr) 11,7% artaraq 137,27 milyon kisəyə (hər biri 60 kq) çatıb.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatında deyilir.

O cümlədən yaşıl (qovrulmamış) qəhvənin tədarükü 11,8% artaraq 123,75 milyon kisəyə çatıb.

Cənubi Amerika mövsüm ərzində tədarükü 30,7% artıraraq 66,13 milyon kisəyə çatdırıb və ən böyük qəhvə ixracatçısı kimi mövqeyini qoruyub saxlayıb. Xüsusilə, Braziliyada 49,03 milyon kisəlik rekord qəhvə daşınması qeydə alınıb.

Afrika bu dövrdə qəhvə ixracını 17,3% artıraraq 16,02 milyon kisəyə çatdırıb. Bu arada, Asiya və Okeaniyadan satışlar 6,7% azalaraq 40,62 milyon kisəyə düşüb.

Qeyd edək ki, ötən mövsüm qlobal qəhvə ixracı təxminən 6% azalıb ki, bu da 1990-cı illərin ikinci yarısından bəri ən böyük azalma olub.