"OpenAI" yeni "GPT-Live" səs modellərini təqdim etdi | Banco.az

"OpenAI" yeni "GPT-Live" səs modellərini təqdim etdi

Müəllif:Mehin Qasımova,Banco.az

"OpenAI" yeni GPT-Live-1 və GPT-Live-1 mini səs modellərini istifadəyə verib.

Banco.az xəbər verir ki, yeni modellər eyni vaxtda həm danışa, həm də dinləyə bilir. Bu xüsusiyyət istifadəçilərə söhbət zamanı qarşı tərəfin sözünü təbii şəkildə kəsməyə, canlı dialoq qurmağa və sinxron tərcümə kimi funksiyalardan istifadə etməyə imkan yaradır.

Şirkət bildirib ki, ChatGPT-də mövcud olan Qabaqcıl Səs Rejimi (Advanced Voice Mode) artıq standart olaraq GPT-Live-1 mini modeli ilə işləyəcək. Ödənişli abunəçilər isə daha yüksək imkanlara malik GPT-Live-1 modelindən yararlana biləcəklər.

OpenAI-nin məlumatına görə, yeni modellər istifadəçilərin ən çox rastlaşdığı problemlərdən biri olan sözün yarımçıq kəsilməsi və ya mürəkkəb suallara cavab verməkdə gecikmə kimi çatışmazlıqları aradan qaldırır. Sistem söhbət zamanı mürəkkəb sorğuları emal etmək üçün onları avtomatik olaraq GPT-5.5 kimi ən yeni mətn modellərinə yönləndirə bilir.

Bundan əlavə, yeni səs modeli uzun müddət səssiz qalaraq söhbətin kontekstini yadda saxlaya, lazım olduqda isə cavabı mətnlə yanaşı vizual formatda da təqdim edə bilir.

Şirkət qeyd edir ki, tam dupleks texnologiyası əsasında hazırlanan GPT-Live modelləri daha təbii ünsiyyət qurmaqla yanaşı, sinxron tərcümə kimi mürəkkəb tapşırıqları da yüksək dəqiqliklə yerinə yetirir.