Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI”, “Anthropic” və “Google” Ağ Evdə keçiriləcək süni intellekt təhlükəsizliyi sammitində iştirak edəcək.
Banco.az xəbər verir ki, Tramp administrasiyası süni intellekt şirkətlərini çərşənbə axşamı Ağ Evdə keçiriləcək toplantıya dəvət edərək, süni intellekt modelləri üçün könüllü təhlükəsizlik testlərini nəzərdə tutan yeni ABŞ çərçivəsini müzakirə edəcək.
Məsələyə yaxın mənbələrin məlumatına görə, toplantıda “OpenAI”, “Anthropic” və “Alphabet” şirkətinin tərkibində fəaliyyət göstərən “Google” da daxil olmaqla aparıcı süni intellekt tərtibatçıları iştirak edəcəklər. Hələ ictimaiyyətə açıqlanmayan bu çərçivə ABŞ Prezidenti Donald Trampın iyun ayında imzaladığı süni intellektin kibertəhlükəsizliyinə dair prezident sərəncamına uyğun olaraq hazırlanıb. Sənəd şirkətlərin könüllü əsasda təhlükəsizlik qiymətləndirmələrində iştirakını və kritik rəqəmsal infrastrukturun gücləndirilməsini nəzərdə tutur.
Bildirilib ki, çərçivənin bəzi meyarları məxfi saxlanılacaq. Bununla yanaşı, sənəd Tramp administrasiyasının süni intellekt təhlükəsizliyi sahəsində indiyədək atdığı ən mühüm addımlardan biri hesab olunur. Proses “Anthropic” şirkətinin aprel ayında təqdim etdiyi “Mythos” modelinin kompüter sistemlərindəki boşluqları aşkar etmək qabiliyyətinin olduqca yüksək olduğunu açıqlaması və bu səbəbdən modelə çıxışı ciddi şəkildə məhdudlaşdırmasından sonra sürət qazanıb.
Ağ Ev, eləcə də “OpenAI”, “Anthropic” və “Google” məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
