"Nvidia"nın bazar dəyəri yarım trilyon dollar azalıb | Banco.az

"Nvidia"nın bazar dəyəri yarım trilyon dollar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nvidia”nın bazar dəyəri 500 milyard dollardan çox azalıb.

Banco.az xəbər verir ki, çinli bir təşəbbüsün Google və OpenAI kimi rəqibləri ilə müqayisədə daha qısa müddətdə, aşağı xərclərlə və az sayda çiplə hazırladığı süni intellekt modelinin qısa müddətdə dünya miqyasında geniş istifadə olunmağa başlaması texnologiya səhmləri başda olmaqla, satış təzyiqinin dərinləşməsinə səbəb olub.

Model tətbiq mağazalarında ABŞ mərkəzli ChatGPT-ni də geridə qoyaraq ən çox yüklənən süni intellekt tətbiqi olub.

Çinin aşağı xərclərlə süni intellekt modeli təqdim etməsi başda ABŞ olmaqla Qərb şirkətlərinin bu sahədəki üstünlüyünə və bu istiqamətdə etdikləri böyük xərclərə dair şübhələri artırıb.

Cümə günü bağlanışda 142,62 dollar olan ABŞ-ın çip nəhəngi “Nvidia”nın səhmlərinin qiyməti dünən 117,26 dollara qədər düşdü. Çip şirkətinin səhmlərindəki bir günlük itki təxminən 18 faiz təşkil edib.

“Nvidia”nın səhmləri 2020-ci ilin martından bəri ən yüksək gündəlik itki ilə üzləşərkən, şirkətin bazar dəyəri də 500 milyard dollardan çox azalıb. 

Şirkətin bazar dəyərindəki bu azalma ABŞ birja tarixində ən böyük gündəlik geriləmə kimi qeydə alınıb.

“Nvidia” bazar dəyəri 3 trilyon dollardan aşağı düşərək dünyanın ən böyük şirkətləri sıralamasında ikincilikdən üçüncülüyə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram