Norveç Nobel Komitəsi: Nobel Sülh Mükafatı bölüşdürülə bilməz | Banco.az

Norveç Nobel Komitəsi: Nobel Sülh Mükafatı bölüşdürülə bilməz

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Nobel Komitəsi venesuelalı müxalif lider Maria Korina Maçadonun Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa vermək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib.

Banco.az xəbər verir ki, Komitə tərəfindən yayımlanan açıqlamada Nobel Fondunun nizamnaməsinə istinad edilərək bildirilib: “Nobel Mükafatı elan edildikdən sonra ləğv edilə, bölüşdürülə və ya başqa şəxsə verilə bilməz. Qərar qətidir və əbədi olaraq qüvvədə qalır”.

Açıqlamada mükafatın verilməsi ilə bağlı qərarın dəyişdirilməsinin mümkün olmadığı və etiraz yolunun qapalı olduğu vurğulanıb. Eyni zamanda, komitənin mükafat sahiblərinin mükafatı aldıqdan sonrakı fəaliyyətləri və ya açıqlamaları ilə bağlı şərh vermədiyi qeyd edilib.

Maçado: Nobel Sülh Mükafatını Tramp ilə paylaşmaq istəyirəm

Norveç Nobel Komitəsi 10 oktyabr tarixində 2025-ci il Nobel Sülh Mükafatının venesuelalı müxalifət lideri Maçadoya verildiyini açıqlamışdı.

Maçado 5 yanvar tarixində “Fox News”a verdiyi müsahibədə Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Tramp ilə bölüşmək istədiyini, həmçinin Venesuelaya qarşı hərbi müdaxilə ilə bağlı ona şəxsən təşəkkür etmək niyyətində olduğunu bildirib.

ABŞ Prezidenti Tramp isə Maçadonun Nobel Sülh Mükafatını ona vermək istədiyini eşitdiyini deyərək, bunun özü üçün “böyük bir şərəf” olacağını ifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram