Müəllif:Mehin Qasımova,Banco.az
"Nissan" bu ilin əvvəlində elan etdiyi restrukturizasiya planı çərçivəsində daha iki modelin istehsalını dayandıracağını təsdiqləyib.
Banco.az xəbər verir ki, "Nissan" America şirkətinin Məhsul və Planlaşdırma şöbəsinin rəhbəri Ponz Pandikuthira Wards Auto nəşrinə müsahibəsində Altima və Rogue Plug-In Hybrid modellərinin istehsalının yaxın vaxtlarda başa çatacağını açıqlayıb.
Şirkət ilin əvvəlində "Gündəlik Həyat üçün Mobillik Zəkası" strategiyası çərçivəsində ümumilikdə 11 modelin istehsalını dayandıracağını bildirmişdi. Məqsəd aşağı satış göstəricilərinə malik modellərdən imtina edərək investisiyaları daha perspektivli məhsullara yönəltməkdir.
"Altima" modelinin satışları son illərdə davamlı şəkildə azalır. Belə ki, model 2019-cu ildə ABŞ bazarında 200 mindən çox satıldığı halda, ötən il bu rəqəm 92 min 809-a enib.
Azalma tendensiyası 2026-cı ildə də davam edir. İlin ilk altı ayında cəmi 42 min 288 ədəd "Altima" satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% azdır. Mövcud dinamika əsasında şirkət ilin sonunadək təxminən 84 min 600 avtomobil satacağını proqnozlaşdırır.
Buna qarşılıq, "Sentra" modeli daha uğurlu nəticə göstərib. Yanvar–iyun aylarında 75 min 549 ədəd "Sentra" satılıb. Bu göstərici ötən illə müqayisədə 11,7% az olsa da, model satış baxımından Altima-nı xeyli qabaqlayır.
Şirkət rəsmisi qeyd edib ki, satışa çıxarılacaq yeni krossover yüksək yanacaq səmərəliliyi ilə yanaşı, alıcılar üçün rəqabətqabiliyyətli qiymət təklif edəcək.
