Misir və İsrail arasında nəhəng saziş təsdiqləndi | Banco.az

Misir və İsrail arasında nəhəng saziş təsdiqləndi

Müəllif:Mehin Qasımova,Banco.az

İsrailin Baş naziri Benyamin Netanyahu Misirlə  35 milyard dollarlıq təbii qaz müqaviləsinin təsdiqləndiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Netanyahu enerji naziri Eli Koen ilə birgə mətbuat konfransında Misirlə bağlanan 112 milyard şekel (35 milyard dollar) dəyərində müqavilənin "İsrail tarixində ən böyük təbii qaz müqaviləsi" olduğunu bildirib.

Netanyahu təbii qaz müqaviləsindən əldə ediləcək məbləğin 18 milyard dollarının birbaşa xəzinəyə gedəcəyini bildirib və Misirlə əldə edilən razılaşmanın İsrailin enerji sektorundakı regional mövqeyini xeyli gücləndirdiyini iddia edib.

Avqustun 7-də İsrailin Aralıq dənizindəki ən böyük təbii qaz yataqlarından biri olan Leviathan şirkətinin tərəfdaşı olan NewMed şirkəti Misirlə 35 milyard dollarlıq təbii qaz ixracı müqaviləsinin imzalandığını elan edib.

Bəyanatda 2040-cı ilə qədər Leviathan yatağından Misirə 130 milyard kubmetr təbii qaz ixrac ediləcəyi bildirilirdi.

Bəyanatda bildirilir ki, razılaşma Leviathanın genişləndirilməsi üçün yol açacaq və məqsədi 2064-cü ilə qədər İsrail bazarına təbii qaz tədarükünü təmin etməkdir.

Misir və İsrail arasında 2019-cu ildə 60 milyard kubmetr qaz tədarükünü əhatə edən müqavilə imzalanıb. Misirə qaz tədarükü Leviathan yatağının 2020-ci ildə fəaliyyətə başlamasından qısa müddət sonra başlayıb.

Ötən il Leviathan qaz yatağından hasil edilən 11,33 milyard kubmetr təbii qazın əksəriyyəti Misir və İordaniyaya ixrac edilib.