Müəllif:MehinQasımova,Banco.az
ABŞ-da Demokratların Konqresə nəzarəti ələ keçirməsi və mis idxalına mümkün yeni tariflərlə bağlı gözləntilərin dəyişməsi dünya bazarında misin ucuzlaşmasına səbəb olub.
Banco.az xəbər verir ki, sənaye metalları texnologiya səhmlərindəki geriləmə fonunda ümumi satış təzyiqi ilə üzləşib. Məlumat mərkəzləri və enerji avadanlıqlarının istehsalında geniş istifadə olunan misin qiyməti cümə 1,2% azaldıqdan sonra daha 0,8%-ə qədər geriləyib.
Qiymətlərə təsir edən əsas amillərdən biri ABŞ-da mis idxalına tətbiq oluna biləcək tariflərlə bağlı gözləntilərin dəyişməsidir. Demokratların Konqresdə çoxluq qazanmasından sonra daha sərt tariflərin tətbiqi ehtimalının azalacağına dair fikirlər güclənib.
TD Securities analitiklərinin qiymətləndirməsinə görə, Demokratların Konqresdə üstünlük əldə etməsi aqressiv mis tariflərinin tətbiqi ehtimalını zəiflədə bilər. Bu isə ABŞ bazarında və qlobal bazarda qiymət fərqinə təsir göstərir.
London Metal Birjasında misin qiyməti hazırda 0,4% azalaraq ton üçün 13 786 dollara düşüb. Alüminium və sinkin qiymətləri də 0,5% ucuzlaşıb.
