Mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.
Layihəyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” qanun ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
apa