"Ukraynada yaşanan hadisələrdən sonra alternativ ödəniş sistemlərinin yaradılması məsələsi aktual problemə çevrilib. Məlumdur ki, Qərbdə Rusiya əleyhinə maliyyə sanksiyaları qəbul olunduqdan sonra bu ölkənin ərazisində Visa və MasterCard kimi ödəniş sistemlərinin fəaliyyəti məhdudlaşmışdı. Bunun nəticəsində əksər ölkələr özlərinə məxsus ödəniş sistemlərinin yaradılması barədə düşünməyə başlamışlar". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.
Xatırladaq ki, son günlər Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən milli ödəniş sisteminin inkişaf strategiyasının hazırlanması barədə məlumatlar gündəmi zəbt edib. Bu barədə AMB-nin baş direktoru Rəşad Orucov məlumat verib.
"Biz sözügedən strategiya üzrə layihəni artıq hazırlamışıq və razılaşdırılması məqsədilə müvafiq qurumlara təqdim etmişik", deyə Orucov bildirib. Onun sözlərinə görə, bu layihə ölkədə nağdsız hesablaşmaların inkişaf perspektivlərini əks etdirir.
"Azərbaycan bu sahə üzrə kifayət qədər geniş infrastruktura malikdir. Strategiya həmçinin sözügedən sahənin gələcəkdə stimullaşdırılmasını təmin etmək məqsədi daşıyan tədbirləri əhatə edir", deyə Orucov məlumat verib.
Ölkənin bank sektorundakı mənbələrdən verilən məlumata görə, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial plastik kartların gələcəkdə bu sistemə daxil ediləcəyi istisna edilmir.
Mənbədən bildirilir ki, bu layihə Visa və MasterCard kimi beynəlxalq ödəniş platformalarında buraxılan kartların emissiya və xidmət xərclərinin azaldılmasına imkan verəcək.
Sevinc İbadova/Banco.az