Microsoft və Nvidia süni intellekt startapı Anthropic-ə 15 milyard dollara qədər investisiya edəcək | Banco.az

Microsoft və Nvidia süni intellekt startapı Anthropic-ə 15 milyard dollara qədər investisiya edəcək

Müəllif   - Fərid İslamov - Banco.az

Microsoft Corp.Nvidia Corp. şirkətləri süni intellekt texnologiyaları üzrə ixtisaslaşan Anthropic adlı startapa 15 milyard dollara qədər birgə investisiya qoymaq barədə razılığa gəliblər.

Bundan əlavə, Anthropic şirkəti Microsoft Azure bulud xidməti üzərindən təxminən 30 milyard dollarlıq hesablama resursları (kompüter gücü) icarəyə götürməyi planlaşdırır.

Şirkətlər qarşılıqlı müştərilər olacaqlar: Microsoft, Anthropic tərəfindən yaradılmış süni intellekt modellərindən istifadə edəcək, Anthropic isə öz növbəsində Microsoft-un infrastrukturundan faydalanacaq. Bu barədə Microsoft-un baş direktoru Satya Nadella məlumat verib.

2021-ci ildə OpenAI şirkətinin keçmiş əməkdaşları tərəfindən təsis edilmiş Anthropic, sentyabr ayında keçirilən maliyyələşmə raundu zamanı 183 milyard dollar dəyərində qiymətləndirilib.

Şirkət yeni hesablama mərkəzlərinin (data center) qurulmasına böyük həcmdə vəsait yatırır — ABŞ-ın müxtəlif ştatlarında bu məqsədlə təxminən 50 milyard dollar xərcləmək planlaşdırılır.

Bundan başqa, oktyabr ayında Anthropic şirkəti Google (Alphabet Inc.-in bölməsi) ilə 1 milyon ədəd xüsusi İA çipinin (dəyəri on milyardlarla dollar olan) təchizatı üzrə müqavilə imzalayıb.