"Microsoft" Trampı süni intellekt çipləri üçün ixrac nəzarəti qaydalarını yumşaltmağa çağırıb | Banco.az

"Microsoft" Trampı süni intellekt çipləri üçün ixrac nəzarəti qaydalarını yumşaltmağa çağırıb

Müəllif - Eldar Kərimov - Banco.az

"Microsoft Corp." ABŞ prezidenti Donald Trampın administrasiyasını süni intellekt (İİ) çipləri ilə bağlı yeni ixrac nəzarəti qaydalarını yumşaltmağa və sadələşdirməyə çağırır. Bu qaydalar dünyanın əksər ölkələri üçün məhdudiyyətlər nəzərdə tutur, "The Wall Street Journal" yazır.  

Yeni qaydaların tətbiqi təklifi əvvəlki ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən irəli sürülüb. Trampın komandası bu qaydaları araşdırır və sənaye nümayəndələrinin rəylərini nəzərə almaq niyyətindədir.  

Qaydalar üç səviyyəli sistemin yaradılmasını təklif edir ki, burada məhdudiyyətlərin dərəcəsi fərqli olacaq. Birinci kateqoriyaya ABŞ-ın 18 əsas müttəfiqi və tərəfdaşı, məsələn, Böyük Britaniya, Fransa və Almaniya daxildir və bu ölkələr ixrac nəzarəti tədbirlərindən təsirlənməyəcək. Üçüncü kateqoriya - ABŞ-ın rəqibləri isə qabaqcıl İİ sistemlərinə və onların hazırlanması üçün hesablama gücünə çıxışdan məhrum ediləcək.  

Ən geniş ikinci kateqoriya, 120-dən çox ölkəni əhatə edir və buraya ABŞ-ın Yaxın Şərq və Asiyadakı müttəfiqləri də daxildir. Bu ölkələr alınacaq hesablama gücünün həcminə dair bir sıra məhdudiyyətlərlə üzləşəcək.  

"Microsoft" İİ modellərinin hazırlanması üçün məlumat mərkəzlərində istifadə olunan çiplərin tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılmasını istəyir. Şirkət hesab edir ki, bu məhdudiyyətlər ABŞ-ın Hindistan, İsveçrə və İsrail kimi müttəfiqlərinə şamil edilməməlidir. Bu ölkələr ikinci kateqoriyaya düşür, WSJ şirkət nümayəndələrinə istinadən yazır.  

"Microsoft"da üç səviyyəli sistemin gözlənilməz nəticəsinin ABŞ müttəfiqlərinin məhdudiyyətlərlə üzləşərək lazım olan İT infrastrukturunu Çinə müraciət etməklə əldə etməyə başlaması ola biləcəyini düşünürlər.  

Çin artıq ABŞ-ın yeni təkliflərindən istifadə edərək digər ölkələrə ABŞ-dan daha etibarlı İİ infrastrukturu tərəfdaşı ola biləcəyini göstərməyə çalışır, "WSJ"yə "Microsoft"un prezidenti Bred Smit bildirib.  

"Pekinin mesajı budur ki, bu ölkələr ABŞ-a arxalana bilməz, lakin Çin onlara lazım olan hər şeyi təmin etməyə hazırdır," - deyə Smit qeyd edib. "Bu, nə Amerika biznesi, nə də ABŞ-ın beynəlxalq siyasəti üçün əlverişli sayıla bilər."  

Smit Çin startapı "DeepSeek"i misal çəkib ki, bu şirkət yaxınlarda yeni İİ modelini təqdim edib və onun fikrincə, böyük potensiala malikdir.  

Smitin sözlərinə görə, "Microsoft" yeni qaydaların bəzi bəndlərini, o cümlədən ixrac lisenziyalaşdırma tələblərinin bir hissəsini və Çin, İran və Şimali Koreyanı əhatə edən üçüncü kateqoriyaya İİ çiplərinin tədarükünə qadağanı dəstəkləyir.