"Meta" ilk dəfə ödənişli süni intellekt modelini təqdim etdi | Banco.az

"Meta" ilk dəfə ödənişli süni intellekt modelini təqdim etdi

Müəllif:Mehin Qasımova,Banco.az

"Meta" yeni nəsil süni intellekt modeli Muse Spark 1.1-i təqdim edib.

Banco.az xəbər verir ki, şirkət ilk dəfə olaraq bu modelə çıxış üçün biznes müştərilərindən ödəniş alacaq.

Yeni model "Meta" üçün əlavə gəlir mənbəyi yaratmaqla yanaşı, şirkətin süni intellekt bazarında rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Meta-nın baş direktoru Mark Zukerberq bildirib ki, Muse Spark 1.1-ə çıxış üçün təqdim ediləcək tətbiq proqramlaşdırma interfeysi (API) şirkətin ilk ciddi kommersiya API-si olacaq.

Onun sözlərinə görə, model açıq mənbəli olmadığı üçün istifadəçilər API vasitəsilə ona ödənişli əsasda çıxış əldə edəcəklər. Zukerberq qiymətlərin rəqiblərlə müqayisədə daha sərfəli olacağını vurğulayıb.

Şirkətin açıqlamasına görə, Muse Spark 1.1-in əsas üstünlüklərindən biri agent əsaslı süni intellekt imkanlarıdır. Bu texnologiya istifadəçi adından çoxmərhələli tapşırıqları yerinə yetirə, müxtəlif alətlərdən istifadə edə və mürəkkəb prosesləri idarə edə bilir.

Meta rəhbəri hesab edir ki, bu, şirkətin süni intellekt sahəsində indiyədək əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir və model Meta-nın rəqabət mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.