Müəllif:Mehin Qasımova,Banco.az
Avropanın aparıcı avtomobil istehsalçılarından olan "Volkswagen" Almaniyanın Drezden şəhərindəki zavodunda avtomobil istehsalını dayandırıb.
Banco.az xəbər verir ki, qərar satışların azalması və artan xərclər fonunda qəbul edilib və bu, şirkətin Almaniya daxilində bir zavodda istehsalı tamamilə dayandırdığı ilk haldır.
2002-ci ildən fəaliyyət göstərən Drezden zavodunda indiyədək 200 minədək avtomobil istehsal olunub. Şirkət rəhbərliyi daxili yanma mühərrikli avtomobillərin bazarda gözləniləndən daha uzun müddət qalacağını bildirərək investisiya planlarını yenidən nəzərdən keçirib və beş illik büdcəni 160 milyard avroya endirib.
Məlumata görə, istehsalın dayandırılmasından sonra müəssisə Drezden Texniki Universitetinə icarəyə veriləcək və süni intellekt, robototexnika və çip texnologiyalarına yönəlmiş tədqiqat kampusuna çevriləcək. "Volkswagen" və universitetin bu layihəyə növbəti yeddi il ərzində 50 milyon avro sərmayə qoyacağı bildirilir.
