Maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb. Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamikanın proqnozlaşdırılmasına əsas verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir. Cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub və yeni maliyyə mexanizminin tətbiqinə qərar verilib.
Proqram, həmçinin 1 avqust 2025-ci il tarixində qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində cəlb olunmuş və artıq qeyd olunan hədəf qruplarının maliyyələşdirilməsində istifadə olunmuş vəsaitləri də əhatə edəcəkdir. Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcəkdir.
Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.