Maliyyə Nazirliyi ötən il 20 milyon manata yaxın artıq və əsassız ödəniş aşkar edib | Banco.az

Maliyyə Nazirliyi ötən il 20 milyon manata yaxın artıq və əsassız ödəniş aşkar edib

2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 100 büdcə təşkilatında nəzarət tədbirləri həyata keçirilib, 19 milyon 696,1 min manat artıq və əsassız ödəniş aşkar edib

Bu barədə nazirlik məlumat verib

Məlumata görə, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan və digər hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13 milyon 331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib.

İş planına əsasən isə, Xidmət 38 təşkilatda yoxlamalar aparıb, bu yoxlamalarla aşkar olunmuş 6 milyon 360,1 min manat artıq və əsassız ödənişlərin 5 milyon 146,6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslərin ödəməsi ilə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 1 milıyon 213,5 min manatlıq nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Bundan başqa, Xidmət vətəndaş müraciətlərinə əsasən 5 təşkilatda müraciətlərdə göstərilən hallar üzrə yoxlamalar aparıb, 4,5 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün nəticələr üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.

Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

"Xidmət tərəfindən hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara gələcəkdə yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsirli olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib", - məlumatda deyilir.