Keniyanın gül sənayesi: Aİ bazar qaydalarını sərtləşdirir | Banco.az

Keniyanın gül sənayesi: Aİ bazar qaydalarını sərtləşdirir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Qırmızı gül – sevginin simvolu olmaqla yanaşı, Keniya üçün böyük bir iqtisadi sektorun əsasını təşkil edir. Keniyanın hökumətinin məlumatına görə, ölkənin gül ixracının üçdə birindən çoxunu qızılgüllər təşkil edir.

Banco.az xəbər verir ki, xüsusilə də Keniyada yetişdirilən qızılgüllər uzunömürlülükləri və vaza şəraitində yüksək dayanıqlılığı ilə seçilir.

Keniya Milli Statistika Bürosunun məlumatına görə, Keniyada gül sənayesi yarım milyon insanı işlə təmin edir və ümumi dəyəri 800 milyon dollardan çoxdur. Təkcə qızılgüllər kəsilmiş gül ixracatının 66%-ni təşkil edərək təxminən 300 milyon dollar dəyərindədir.

Statistika əsasən, 2020-ci ildən etibarən Aİ Keniyadan gətirilən qızılgüllərin yoxlanılma faizini 5%-dən 25%-ə qaldırıb. Bu isə daha çox karantin və göndərilən məhsulların geri qaytarılması ilə nəticələnib.

Bununla yanaşı, Aİ-nin daha sərt qaydalar tətbiq edəcəyi gözlənilir. Fransada yerləşən Sahibkarlıq, Kənd Təsərrüfatı və İnkişaf Komitəsi bildirir ki, Keniyadan gətirilən kəsilmiş qızılgüllərə dair xüsusi tələblər 26 aprel 2025-ci ildən qüvvəyə minəcək. Bu qaydalar ixracatçılardan daha ciddi standartlara əməl etməyi tələb edəcək. Keniyalı fermerlər Aİ-nin sərt qaydalarından çəkinərək alternativ bazarlara üz tutmağa başlayırlar. Məlumata görə, Yaxın Şərq bazarı Keniyadan gətirilən məhsulları qəbul etməyə hazırdır və sürətlə böyüyür.

Bütün bu çətinliklərə baxmayaraq, Keniyalı fermerlər Aİ bazarını tərk etməyə hələ ki, hazır deyillər. Mütəxəssislər hesab edir ki, 2025-ci ildə Sevgililər günü və Analar günü kimi çiçək sənayesinin ən yüksək satış dövrləri əvvəlki illərlə müqayisədə daha çətin keçə bilər.

Keniyanın gül sənayesi üçün Aİ bazarı hələ də ən mühüm bazarlardan biri olsa da, fermerlər ixrac məhdudiyyətləri və yeni qaydalar səbəbindən alternativ yollar axtarmağa məcburdurlar. Bununla yanaşı, təbii metodlara keçid və yeni bazarlara açılmaq Keniyanın çiçək sənayesinin gələcək inkişafında əsas istiqamətlərdən biri ola bilər.