İstanbul Ticarət Palatası: Türk dövlətləri ixracda birgə güc yarada bilərlər | Banco.az

İstanbul Ticarət Palatası: Türk dövlətləri ixracda birgə güc yarada bilərlər

Türk dövlətləri ixrac sahəsində birgə güc formalaşdıraraq əməkdaşlıq imkanlarını genişləndirə bilərlər.

Bunu "Report"a açıqlamasında İstanbul Ticarət Palatasının Məclis üzvü Çağrı Gundoğdu bildirib.

Onun sözlərinə görə, təkcə Türkiyə və Azərbaycan deyil, bütün türk dövlətləri iqtisadi inkişaf və beynəlxalq bazarlarda rəqabət baxımından daha sıx əməkdaşlıq etməlidirlər: "Azərbaycan başda olmaqla bütün türk dövlətləri bu prosesdə fəal iştirak etməlidirlər. Məsələn, Bakıda keçirilən Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Sərgisində Özbəkistan və digər türk dövlətləri də təmsil olunurdu. Biz birlikdə güclüyük. Xarici bazarlara qarşı ortaq strategiyalar formalaşdıraraq, qarşılıqlı iqtisadi maraqları qorumaq və daha güclü mövqe tutmaq üçün strateji əməkdaşlıq etməliyik. Əgər bu şəkildə davam etsək, həm azad ticarət sazişləri, həm də digər iqtisadi razılaşmalar bizim üçün daha əlçatan və effektiv olacaq”.

İstanbul Ticarət Palatasının nümayəndəsi onu da bildirib ki, qurum yalnız iqtisadi maraqlar çərçivəsində deyil, Türkiyənin ümumi siyasi mövqeyinə uyğun olaraq Azərbaycana xüsusi münasibət bəsləyir: “İstanbul Ticarət Palatası olaraq biz Azərbaycana sadəcə iqtisadi tərəfdaş kimi yox, eyni millətin bir parçası kimi baxırıq. Hazırda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq layihələri uğurla icra olunur. Biz bu əməkdaşlıqları daha da genişləndirmək niyyətindəyik”.

Onun fikrincə, Azərbaycan və Türkiyə arasında həm istehsal, həm də ixrac yönümlü əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

“Türkiyədə hazırda milli və yerli istehsal siyasəti ön plandadır. Prezidentimizin irəli sürdüyü "Yeni Türkiyə Yüz ili" konsepsiyası çərçivəsində Azərbaycanla birlikdə bu yolda irəliləyə və ortaq məhsullar istehsal edə bilərik. Məqsəd yalnız ikitərəfli ticarət deyil, eyni zamanda dünya bazarlarında birgə mövqelər tutmaq və brend dəyər yaratmaqdır”,-deyə Məclis üzvü bildirib.

Gənc sahibkarlar üçün imkanlar genişlənir

O, həmçinin qeyd edib ki, iki ölkə arasında innovasiya və startaplar sahəsində də əməkdaşlıq imkanları artır :“Azərbaycan və Türkiyənin gənc sahibkarları arasında əməkdaşlıq, texnoloji bilik mübadiləsi, ortaq platformalar yaratmaq istiqamətində təşəbbüslər vacibdir. Xüsusilə e-ticarət, aqrar texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq gələcək dövrdə iqtisadi artımı daha da sürətləndirə bilər”.

Onun sözlərinə görə, hazırda konkret layihə adları çəkmək çətin olsa da, müxtəlif formatlı tədbirlər vasitəsilə qarşılıqlı əlaqələr davam etdirilir: “Azərbaycanla vebinarlar, biznes forumlar, nümayəndə heyətlərinin səfərləri, beynəlxalq sərgilər vasitəsilə sıx əməkdaşlıq mövcuddur. İstanbul Ticarət Palatası bir çox ölkələrdə sərgilər keçirir və Azərbaycan bu tədbirlərdə "milli iştirakçı" qismində fəal iştirak edir. Həmçinin Bakıda və digər Azərbaycan şəhərlərində keçirilən sərgilərdə Türkiyənin iş adamları da iştirak edir. Azərbaycan bizim üçün strateji tərəfdaşdır”.

15 milyard dollarlıq hədəf

O, Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı hədəfə də toxunub: “Bu hədəfə 2-3 il kimi qısa müddətdə çatmaq real görünməyə bilər. Lakin artım meyli var və siyasi iradə ilə bu rəqəm nəinki çata, hətta keçə bilər. Əsas məsələ davamlılıq və birgə səydir”.

Ticarət sazişləri yeni imkanlar açacaq

Məclis üzvü həmçinin sərbəst ticarət sazişi barədə də danışıb: “Ölkələr arasında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, bir sıra məhsullar üzrə gömrük rüsumlarında güzəştlər tətbiq olunur. Bu, müsbət haldır, lakin yetərli deyil. Əsas məsələ ölkələr arasında iqtisadi sahədə qarşılıqlı etimadın möhkəmlənməsidir. Hazırda isə sərbəst ticarət sazişi gündəmdədir və bu saziş qüvvəyə minərsə, iqtisadi əlaqələrdə yeni səhifə açılacaq”.