Müəllif: Gülnar Əhmədli, Banco.az
İşçilərin əmək hüquqları arasında ödənişli məzuniyyət hüququ xüsusi yer tutur. Bu hüquq işçinin istirahət etməsi, sağlamlığını bərpa etməsi və əmək qabiliyyətini qoruması üçün qanunla təmin edilir. Lakin bəzi hallarda işəgötürənlər məzuniyyəti vaxtında vermir və ya onun müddətini qanunsuz şəkildə azaldırlar. Belə vəziyyətlə qarşılaşan işçilər isə hüquqlarını hansı yollarla müdafiə edə biləcəklərini bilməlidirlər.
Əmək hüquqları eksperti Etibar Qarayev Banco.az-a bildirib ki, işçiyə qanunla müəyyən olunmuş məzuniyyət verilmədikdə və ya onun müddəti qanunsuz şəkildə azaldıldıqda, işçi öz hüquqlarını bir neçə üsulla müdafiə edə bilər:
"İlk növbədə işəgötürənə yazılı müraciət etməklə hüququnun bərpasını tələb edə bilər.
Məsələ həll edilmədikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət vermək mümkündür. Müfəttişlik qanun pozuntusunu araşdırmaq, işəgötürənə məcburi göstəriş vermək və inzibati məsuliyyət tətbiq etmək səlahiyyətinə malikdir.
Bundan əlavə, işçi məhkəməyə müraciət edərək istifadə edilməmiş məzuniyyət günlərinin verilməsini, kompensasiyanın ödənilməsini və digər hüquqlarının bərpasını tələb edə bilər.
Həmkarlar ittifaqının üzvü olan şəxslər isə ittifaqın hüquqi dəstəyindən də yararlana bilərlər".

Bizi sosial şəbəkələrdən izləyin!!
