Əmək Məcəlləsinin yeni redaksiyasında işçilərin və işəgötürənlərin hüquqları ilə bağlı dəyişikliklər, yeni anlayışlar, hüquqlar təsbit edilib. Onlardan biri də əsas və əlavə iş yerlərində çalışan işçilərin ezamiyyətə göndərilməsinin tənzimlənməsi ilə bağlıdır.
Yeniliyi əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edir.
İşçinin əmək funksiyalarından biri də ezamiyyətdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-1-ci hissəsinə əsasən, ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsidir. Ezam olunan işçinin əsas hüquqlarından biri də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaqdır. Bütün bunlar Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Bu ildən Əmək Məcəlləsinin 130-cu maddəsində edilmiş dəyişiklik qüvvəyə minib. 30 dekabr 2025-ci il tarixli 332-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 130-cu maddəyə yeni məzmunda “j” və “k” bəndləri əlavə edilib.
Məcəllənin yeni qüvvəyə minmiş 130-cu maddəsinin “j” bəndinə əsasən, əsas iş yerindən ezamiyyətə gedən işçiyə əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyətlər verilir. Həmin maddənin “k” bəndində isə göstərilib ki, əlavə iş yerindən ezamiyyətə gedən işçiyə əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyət verilir.
Yəni işçi əsas və ya əlavə iş yerlərindən birindən ezamiyyətə göndərilirsə, digər iş yerində ona ezamiyyə günləri qədər ödənişsiz məzuniyyət verilməlidir.
Misal: Tutaq ki, işçi əsas iş yeri üzrə 26 yanvar 2026-cı il tarixdən 31 yanvar 2026-cı il tarixədək ezamiyyətə göndərilir. Bu halda, əlavə iş yerində işçinin ərizəsinə (əsas iş yerindən ezamiyyətə göndərildiyinə dair sənəd təqdim etməklə) əsasən, 26 yanvar 2026-cı il tarixdən 31 yanvar 2026-cı il tarixədək ödənişsiz məzuniyyət verilir. Eyni hal əlavə iş yerindən ezam olunduqda əsas iş yeri üçün keçərlidir.
Əmək Məcəlləsinin 10-cu maddəsinin “f” bəndinə əsasən, bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin əmək müqaviləsi üzrə əsas vəzifəsi sayılır. Həmçinin, Məcəllənin 11-ci maddəsinin “h” bəndində göstərilib ki, işəgötürənin əsas hüquqlarından biri də müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərməkdir.
Göründüyü kimi, Əmək Məcəlləsinin bu müddəalarına əsaslanan işəgötürənin işçini ezamiyyə göndərmək hüququ vardır. Bəs bütün kateqoriyalardan olan işçiləri işəgötürən ezamiyyətə göndərə bilərmi?
Əmək Məcəlləsinin 242-ci maddəsində bəzi işçilərin ezamiyyətə göndərilməsində məhdudiyyətlər yer alıb. Onlardan biri də hamilə qadınlardır. Maddənin 1-ci bəndində göstərilib ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.
Əmək Məcəlləsinin 254-cü maddəsinə görə, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi də qadağandır.
vergilər.az
