Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 878 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 25.2% azalma deməkdir. Təkcə bu ay isə valyuta satışının məbləği 603.8 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 1.3% çox olub.
Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bununla bağlı bildirib ki, dekabrın hələ bitməməsinə baxmayaraq yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb:
"Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb. Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı-234.7 milyon dollar, oktyabr-202.6 milyon dollar, sentyabr-164.5 milyon dollar, avqust-93.9 milyon dollar, iyul-272.7 milyon dollar, iyun-78.9 milyon dollar, may-277.2 milyon dollar, aprel-286 milyon dollar, mart-383.9 milyon dollar, fevral-356.6 milyon dollar və yanvar-188.5 milyon dollar.
Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollar alışını artırır.
Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə də belə, dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir".
Qeyd edək ki, cari ilin 11 ayında Azərbaycanın idxalı 15 milyard 812 milyon dollara bərabər olub ki, bu da illik müqayisədə 22,8% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!