İnvestisiya alətləri: Gəlir, risk və likvidlik | Banco.az

İnvestisiya alətləri: Gəlir, risk və likvidlik

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maliyyə məqsədlərinizə çatmaq üçün düzgün investisiya alətini seçmək vacibdir. İstiqrazlar, səhmlər, bank depozitləri və əmlak kimi müxtəlif investisiya vasitələri özlərinə məxsus risk və gəlir xüsusiyyətlərinə malikdir. Hansının daha sərfəli olması investorun risk toleransından, investisiya müddətindən və maliyyə hədəflərindən asılıdır. İnvestisiya fəaliyyəti gələcəkdə gəlir və ya dəyər artımı əldə etmək məqsədilə hər hansı bir aktivin alınmasını nəzərdə tutur.

Hazırda yatırım edə biləcəyimiz investisiya alətləri müxtəlidir. Onların gəlirliliyi, riskləri, likvidliyi müxtəlidir. Aşağıda yatırım edə biləcəyiniz bir neçə investisiya aləti haqqında məlumat hazırlamışıq. Mövcud risklər, müsbət və mənfi tərəflər:

Bank depozitləri

Bank depozitləri, pulunuzu bankda müəyyən bir müddətə yerləşdirməklə faiz gəliri əldə etmək imkanı verir. Bu, ən təhlükəsiz investisiya vasitələrindən biridir, çünki əmanətlər sığortalanır. Hazırda bank əmanətləri üzrə illik gəlirlilik yüksəkdir. Bazar üzrə Bank VTB, Bank of Baku, Expressbank yüksək əmanət faizləri təklif edirlər. Onu da qeyd edək ki, milli valyutada qorunan əmanətlər üzrə yuxarı hədd 12%-dir. Sığorta mümkün olduğu üçün risk çox aşağıdır.

Yığım hesabı

Banklarda vəsaiti artırmağın bir digər yolu da yığım hesabıdır.

AFB Bank-ın məhsulu olan “Həyat yığım hesabı” ilə 100 AZN-dən başlayaraq, AZN valyutasında və 36 ay müddətinə planlı şəkildə yığım etmək mümkündür. Bu müddət ərzində edilən yığımlar 18% gəlirlə dəyərləndirilir və maliyyə hədəflərinizə daha rahat çatmağa kömək edir.

36 aylıq hər ay etdiyiniz mədaxilin üzərinə AFB Bank tərəfindən birdəfəlik olaraq 18% həcmində gəlir hesablanır. Eyni zamanda, müştəri yığdığı vəsaitin 70%-i həcmində kredit limiti əldə edə bilər. Bu, ona yığımını davam etdirməklə əlavə maliyyə imkanından istifadə etməyə şərait yaradır.

Yığım əmanətləri

Yığım əmanəti bankda vəsait toplamaq və ona faiz gəliri əldə etmək üçün istifadə olunan əmanət növüdür. Bu əmanətin əsas üstünlüklərindən biri hesaba mütəmadi olaraq əlavə vəsait yatırmaq imkanının olmasıdır. Müddətli əmanətlərdən fərqli olaraq, yığım əmanətləri daha çevik istifadə imkanı yarada bilər. Beləliklə, həm pul yığmaq, həm də əmanət üzrə gəlir əldə etmək mümkündür. Hazırda yığım əmanətləri üzrə illik ən yüksək faiz 10.25%-dir (Xalq Bank). Əsas risklər bankın maliyyə vəziyyəti və inflyasiya səbəbindən əmanətin real dəyərinin azalması ilə bağlı ola bilər.

İstiqrazlar

İstiqraz emitent (şirkət və ya dövlət) tərəfindən borc götürmək üçün buraxılan qiymətli kağızdır. İstiqraz sahibləri emitentə borc verirlər və bunun müqabilində müəyyən dövrlərdə faiz ödənişləri alırlar. İllik gəlirlilik isə 16%-dəkdir. İstiqrazların likvidliyi bazarın fəallığından asılı olaraq dəyişir.

Səhmlər

Səhm bir şirkətdəki payın bir hissəsini ifadə edir. Səhm sahibi şirkətin həmsahibi olur və şirkətin gəlirlərindən (dividendlər) və ya səhmin dəyərinin artmasından qazanc əldə edir. Səhm bazarı riskli əməliyyatları özündə cəmləşdirir. Səhmlərdə dividendlər və kapital artımı (səhmin satış qiymətinin alış qiymətindən yüksək olması) yüksəkdir. Risklər də yüksəkdir, şirkətin fəaliyyətindən və bazar şərtlərindən asılıdır. Səhmlər birjalarda asanlıqla alınıb-satılır və adətən uzunmüddətli investisiyalar üçün uyğundur.

Daşınmaz əmlak

Əmlak investisiyası torpağa, mənzilə və ya digər daşınmaz əmlaka yatırılan vəsaitdir. Gəlir əsasən icarə haqqından və ya əmlakın dəyərinin artmasından əldə edilir. Burada gəlir icarə gəliri və kapital artımı (əmlakın dəyərinin artması) əsasında formalaşır. Bazar dəyişiklikləri, likvidliyin aşağı olması, idarəetmə xərcləri və təmir xərcləri isə mövcud risklər arasındadır.

Həyat sığortası

Həyat sığortası yalnız risklərdən qorunma vasitəsi deyil, bəzi növləri uzunmüddətli investisiya və yığım imkanı da təqdim edir. Bu məhsullarda ödənilən sığorta haqlarının bir hissəsi investisiya olunur və müqavilə müddəti başa çatdıqda sığortalıya müəyyən vəsait ödənilir. Əsas üstünlüyü ondan ibarətdir ki, həm maliyyə təhlükəsizliyi təmin edilir, həm də gələcək üçün kapital formalaşdırılır. Lakin həyat sığortası yüksək gəlirlilik məqsədi daşımır və müqavilənin vaxtından əvvəl ləğvi maliyyə itkilərinə səbəb ola bilər. Buna görə də bu alət daha çox uzunmüddətli yığım etmək və ailəsinin maliyyə təminatını gücləndirmək istəyən şəxslər üçün uyğun hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram