Müəllif - Eldar Kərimov - Banco.az
Dünyanın ən böyük geyim pərakəndə satıcılarından biri olan İspaniyanın "Industria de Diseno Textil SA" (Inditex) şirkəti 2024 maliyyə ilində xalis mənfəətini 9%, gəlirini isə 7,5% artırıb.
Şirkət illik dividendləri 9% artıraraq bir səhmə 1,68 avroya qaldırmağı planlaşdırır. Bu məbləğə adi dividendlər (bir səhmə 1,13 avro) və bonus ödənişlər (bir səhmə 0,55 avro) daxildir, "Inditex"in mətbuat relizində qeyd olunub.
31 yanvarda başa çatan maliyyə ili üzrə şirkətin xalis mənfəəti 5,89 milyard avro təşkil edib ki, bu, əvvəlki ilin 5,4 milyard avrosundan yüksəkdir. EBIT 8,9% artaraq 10,7 milyard avroya çatıb.
"Inditex"in illik gəliri 7,5% artımla 38,6 milyard avroya yüksəlib ki, bu, həm mağazalarda, həm də onlayn satışların müsbət dinamikası ilə bağlıdır. Valyuta fərqləri nəzərə alınmadan gəlir artımı 10,5% təşkil edib. Onlayn satışlar 12% artaraq 10,2 milyard avroya çatıb.
Keçən maliyyə ilində şirkət 47 ölkədə mağazalar açıb, o cümlədən Özbəkistanda ilk mağazalarını fəaliyyətə başlayıb. 2024 maliyyə ilinin sonuna olan məlumata görə, şirkətin ümumi mağaza sayı 5563-ə çatıb.
"Inditex" 2025-ci ildə 1,8 milyard avro kapital qoyuluşu planlaşdırır ki, bu vəsait əsasən ticarət şəbəkəsinin optimallaşdırılması, texnoloji inteqrasiyası və onlayn platformaların təkmilləşdirilməsinə yönəldiləcək.
Mətbuat relizində qeyd olunub ki, şirkətin yaz-yay kolleksiyaları müştərilər tərəfindən yaxşı qarşılanıb. 1 fevral - 10 mart tarixləri arasında mağazalarda və onlayn satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 4% yüksək olub.
İspaniyalı milyarder Amansio Ortegaya məxsus "Inditex" "Zara" və "Zara Home", "Pull & Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho" mağazalarını idarə edir.