Hindistanın Tata Capital şirkəti IPO-dan 2 milyard dollara qədər vəsait cəlb etmək niyyətindədir | Banco.az

Hindistanın Tata Capital şirkəti IPO-dan 2 milyard dollara qədər vəsait cəlb etmək niyyətindədir

Müəllif  - Fərid İslamov - Banco.az

 Hindistanın Tata Group şirkətinin maliyyə bölməsi olan Tata Capital, ilkin səhm yerləşdirməsi vasitəsilə 2 milyard dollara qədər vəsait toplamağı planlaşdırır. Bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verib.  

Şirkətin ümumi dəyərinin 11 milyard dollara qədər qiymətləndirilə biləcəyi və bu yerləşdirmənin cari ildə Hindistanda ən böyük IPO ola biləcəyi bildirilir.  

Keçən həftə məlum olub ki, Tata Capital hər biri 10 rupiy (0,11 dollar) nominal dəyərində yeni səhmlər buraxmağı planlaşdırır (ümumi məbləğ 230 milyon rupiy). Bundan əlavə, Tata Capital-ın direktorlar şurası mövcud səhmdarların 15,04 milyard rupiy məbləğində səhm almaq hüquqlarını (rights issue) təsdiqləyib.  

Tata Capital, 15 aydan çox müddət ərzində Tata Group-un birjaya çıxan ilk şirkəti olacaq. 2023-cü ilin noyabrında Tata Technologies IPO keçirmişdi.  

Hindistan Ehtiyat Bankı bu yaxınlarda Tata Capital-ı yüksək səviyyəli qeyri-bank maliyyə şirkətləri siyahısına daxil edib. Mərkəzi bankın tələblərinə uyğunlaşmaq üçün şirkət sentyabr ayına qədər birjada listinq keçirməlidir.