Müəllif - Eldar Kərimov/Banco.az
İtaliya hakimiyyəti, Alphabet Inc.-ə məxsus olan Amerikanın Google şirkətinə qarşı vergi ödəməkdən yayınma ilə bağlı aparılan araşdırmanı dayandırmaq üçün tədbirlər görəcək. Bu barədə MarketWatch İtaliya rəsmilərinə istinadən məlumat yayıb.
Milan prokurorluğu Google-un 2015-2019-cu illər arasında İtaliyada mənfəət vergisini ödəməməsi ilə bağlı araşdırma aparıb. İtaliya hökuməti, ölkədə serverlər və digər infrastrukturun mövcudluğu, eləcə də reklam satışlarından əldə edilən gəlirlərə istinad edirdi.
Google bu işi həll etmək üçün 326 milyon avro ödəməyə razılaşıb. Şirkətin bəyanatında qeyd olunur ki, "vergi yoxlaması (...) məhkəməyə getmədən həll ediləcək".
Bundan əvvəl Google Fransada vergi pozuntuları ilə bağlı uzun müddət davam edən mübahisəni həll etmək üçün 1 milyard dollardan çox ödəyib.