Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin ölkəyə və ölkədən həyata keçirdiyi uçuşları növbəti xəbərdarlığa qədər dayandırıb.
Banco.az xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın yaydığı məlumata görə, ölkənin Mülki Aviasiya Baş İdarəsi İran aviaşirkətlərinə məxsus uçuşların dayandırılması barədə qərar qəbul edib.
Qərarın ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib. ABŞ Maliyyə Nazirliyinin sanksiyaları İran aviaşirkətlərinin beynəlxalq fəaliyyətinə ciddi məhdudiyyətlər yaradır.
BƏƏ Mülki Aviasiya Baş İdarəsi bildirib ki, iki ölkə arasında hava əlaqələri normallaşana qədər vəziyyətlə bağlı aidiyyəti qurumlar və ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
İran Tələbə Xəbər Agentliyi (ISNA) da İranla BƏƏ arasında həyata keçirilməsi nəzərdə tutulan bütün uçuşların ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent İran aviaşirkətlərinə qarşı tətbiq edilən sanksiyalarla bağlı açıqlamasında onların sentyabrın 23-dən etibarən qlobal miqyasda fəaliyyətinin dayandırılacağını bildirib.
Sanksiyaların ardından sentyabrın 23-də Tehran-Bağdad və Tehran-Məsqət istiqamətlərində uçuşlar da ləğv edilib.
