Müəllif:Mehin Qasımova,Banco.az
Yeddilik Qrupu (G7) ölkələri Rusiya neftinin alışını artıran və Moskvaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə təzyiqi artırmağı ciddi şəkildə nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə iqtisadi cəhətdən inkişaf etmiş yeddi ölkənin qeyri-formal klubunun maliyyə nazirlərinin bəyanatında deyilir.
“Biz Rusiyaya yardım göstərən dövlətlərə və şirkətlərə, o cümlədən Rusiya neftindən hasil edilən emal olunmuş neft məhsullarına qarşı ticarət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi imkanlarını ciddi şəkildə nəzərdən keçiririk”, - deyə məlumatda bildirilir.
G7 həmçinin Rusiyadan qalan idxalı, o cümlədən enerjini tamamilə aradan qaldırmaq məqsədi ilə əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görməyə hazır olduğunu bəyan edib. Adı çəkilən ölkələr həmçinin Rusiyanın gəlirlərini azaltmağa yönəlmiş ticarət tədbirlərinin, o cümlədən tariflərin, idxal və ixrac qadağalarının qəbul edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
"Biz Rusiyanı gəlirdən məhrum etmək səylərinin bir hissəsi kimi ticarət tədbirlərinin, o cümlədən tariflərin, idxal və ixrac qadağalarının vacibliyini bir daha təsdiqlədik. Biz Rusiyadan qalan idxalı, o cümlədən karbohidrogen idxalını tamamilə aradan qaldırmaq məqsədi ilə əhəmiyyətli dərəcədə azaltmağa yönəlmiş konkret tədbirlər görəcəyik", - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyanın maliyyə nazirləri qeyd ediblər.