Dünyada şərab istehlakı kəskin şəkildə azalıb | Banco.az

Dünyada şərab istehlakı kəskin şəkildə azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya miqyasında şərab istehlakı son illərdə ən aşağı səviyyəyə düşüb və bu, 1957-ci ildən bəri müşahidə olunmayan azalmadır.

Banco.az xəbər verir ki, bu, Beynəlxalq Üzümçülük və Şərab Təşkilatının (OIV) hesabatında qeyd edilib.

Təhlillərə görə, 2025-ci ildə dünyada ümumilikdə 208 milyon hektolitr şərab istehlak edilib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,7 faiz, 2018-ci illə müqayisədə isə 14 faiz azalma deməkdir. Mütəxəssislər bu azalmanı əsasən istehlakçı həyat tərzindəki dəyişikliklər və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklərlə əlaqələndirirlər.

Ən böyük şərab bazarlarında da əhəmiyyətli azalma qeydə alınıb. Xüsusilə, bir il ərzində istehlak ABŞ və Almaniyada 4,3 faiz, Fransada 3,2 faiz, İtaliyada isə 9,4 faiz azalıb. Ən böyük azalma Çində müşahidə olunub, burada şərab istehlakı 13 faiz azalıb.

Lakin bəzi ölkələrdə də artım müşahidə olunub. Portuqaliya, Braziliya və Yaponiya kimi ölkələrdə şərab istehlakı bir qədər artsa da, bu, qlobal trendi dəyişdirmək üçün kifayət etməyib.

Mütəxəssislər üzüm bağlarının sahələrinin daim azaldığını və ixrac həcmlərinin son 15 ildə ən aşağı səviyyədə qaldığını vurğulayırlar. Son 25 ildə dünya üzüm bağlarının təxminən 10 faizinin yoxa çıxması sektor üçün ciddi xəbərdarlıq hesab olunur.