Dünya Ticarət Təşkilatı qlobal ticarət üçün artım proqnozunu yüksəldib | Banco.az

Dünya Ticarət Təşkilatı qlobal ticarət üçün artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Ticarət Təşkilatı (DTT) “Qlobal Ticarət Perspektivləri və Statistikalar Hesabatı”na dair yenilənmiş məlumat yayıb.

Banco.az xəbər verir ki, məlumata görə, qlobal mal ticarəti bu ilin ilk yarısında illik müqayisədə 4,9% artaraq gözləntiləri üstələyib. Bu artımda süni intellektlə bağlı məhsullara yönələn xərclər və Şimali Amerikada gömrük tariflərinin yüksəlməsindən əvvəl idxalda baş verən artım mühüm rol oynayıb. Yarıkeçiricilər və telekommunikasiya avadanlıqları kimi süni intellektlə əlaqəli məhsullar ilin ilk 6 ayındakı ümumi ticarət həcminin demək olar ki, yarısını təşkil edib.

DTT iqtisadçıları bu gözləniləndən yüksək artımın təsiri ilə bu il üçün qlobal ticarətdə artım proqnozunu avqustda müəyyən edilmiş 0,9%-dən 2,4%-ə qaldırıblar. Lakin bu göstərici 2024-cü ildə qeydə alınan 2,8%-lik artımla müqayisədə yavaşlama deməkdir.

İqtisadçılar bildirirlər ki, ilin ilk yarısında qlobal ticarət həcminin artımının nə dərəcədə makroiqtisadi amillərlə bağlı olduğunu müəyyənləşdirmək çətindir və onlar bu ilin ikinci yarısı və 2026-cı il üçün “daha az nikbin” mənzərə gözləyirlər.

Bu çərçivədə DTT iqtisadçıları 2026-cı ilə dair artım proqnozlarını avqustda açıqlanan 1,8%-dən 0,5%-ə endiriblər. Bu azalma ABŞ Prezidenti Donald Trampın ölkə və sektor səviyyəsində fərqli dərəcələrdə elan etdiyi gömrük tariflərinin təsirinin 2026-cı ilə keçdiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram