Dünya bazarlarında neft bahalaşır | Banco.az

Dünya bazarlarında neft bahalaşır

 Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-Çin ticarət danışıqlarında irəliləyiş fonunda neftin qiyməti qalxır.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bessent dünən ABŞ və Çin tərəflərinin ticarət sazişinin əsas müddəaları üzərində razılığa gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, bu, ABŞ prezidenti Donald Trampın əvvəllər müzakirə etdiyi Pekinə 100% tariflərin tətbiqindən yayınacaq. Tramp və Çin prezidenti Si Cinpin arasında görüş bu həftəyə planlaşdırılır.

Ekspertlərin fikrincə, iki ölkə arasında ticarət danışıqlarında müsbət irəliləyişin olması tariflər və ixrac məhdudiyyətlərinin qlobal iqtisadi artımı və neft tələbini zəiflədəcəyi ilə bağlı narahatlıqları azaldır.

 Londonun ICE Futures birjasında "Brent" markalı dekabr fyuçersləri 0,24 dollar (0,36%) artaraq 66,18 dollar/barel təşkil edib. Cümə günü "Brent" 0,05 dollar (0,08%) ucuzlaşaraq 65,94 dollar/barelə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin dekabr fyuçersləri 0,23 dollar (0,37%) artaraq 61,73 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,29 dollar (0,47%) ucuzlaşaraq 61,50 dollar olub.