Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Cümə günü səhər ABŞ iqtisadiyyatında yavaşlama ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri mülayim şəkildə enməyə davam edib.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 0,07 dollar (0,1%) ucuzlaşaraq 67,37 dollar təşkil edib. Cümə axşamı kontrakt 0,51 dollar (0,8%) azalaraq 67,44 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr fyuçersləri 0,14 dollar (0,22%) ucuzlaşaraq 63,43 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələr 0,48 dollar (0,8%) azalaraq 63,57 dollar/barel olub.

Bu həftənin əvvəlində Federal Ehtiyat Sistemi (FED) əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb. Bu, ötən ilin dekabrından bəri ilk ixtisar idi. Bundan əlavə, FED siyasətçiləri arasında yeni median proqnoz əsas faiz dərəcəsinin 2025-ci ilin sonuna qədər daha 50 baza bəndi aşağı salınacağını göstərir.

Bir tərəfdən, daha yumşaq pul siyasəti ABŞ-ın iqtisadi artımını və nəticədə, tələbatı dəstəkləyə bilər. Digər tərəfdən, uçot dərəcəsinin aşağı salınması zərurəti özü zəifləyən iqtisadiyyatdan xəbər verir.

Həmçinin çərşənbə günü ölkənin kommersiya neft ehtiyatlarının ötən həftə 9,29 milyon barrel azaldığı bildirilib. Buna idxalın tarixi minimuma düşməsi və ixracın təxminən iki ilin ən yüksək səviyyəsinə yüksəlməsi səbəb olub.