Dollara alternativ tapıla bilərmi? | Banco.az

Dollara alternativ tapıla bilərmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada dollara alternativ tapmaq mümkün olsa da, bu proses mürəkkəb və uzunmüddətli bir məsələdir. Dollar dünya iqtisadiyyatında və beynəlxalq ticarətdə dominant valyuta mövqeyinə malikdir. Bunun səbəbi bir sıra tarixi, iqtisadi və siyasi amillərlə bağlıdır.

Ekspertlər dollara alternativ valyutaların yaradılması mövzusunda müxtəlif fikirlər irəli sürürlər. Bəzi iqtisadçılar bu cəhdlərin çətinliklərlə üzləşəcəyini düşünür, digərləri isə potensial imkanları vurğulayırlar.

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, Donald Trump-ın BRİCS ölkələrinin dolları əvəz edəcək yeni valyuta yaratmağa cəsarət edərlərsə, 100 faiz tariflərlə üzləşəcəyi ilə bağlı səsləndirdiyi fikirlər tam mənasızdır.

“Bu fikirlər ABŞ-nin qlobal iqtisadi təsirini qorumağa yönələn mövqeyi əks etdirsə də əks effekti daha çox ola bilər.  Bu, onun proteksionist siyasətinə və qlobal ticarətdə ABŞ-nin mövqeyini gücləndirmək məqsədinə uyğun olsa da, hazırda belə çıxışa ehtiyac yox idi.

Ona görə ki, BRİCS ölkələrinin maliyyə infrastrukturunun məhdudiyyətləri və qrup daxilindəki siyasi-iqtisadi fərqlər və münasibətlərdə olan gərginliklər onsuz da dolları əvəz edəcək valyuta ideyasını həyata keçirilməsinə imkan verə bilməz. Hətta sonuncu dəfə V.Putin belə bunu dolayı etiraf etmişdi.

Lakin belə bir vəziyyətdə Trumpın sərt siyasi fikirləri bu istiqamətdə BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edə bilər.

Digər bir tərəfdən bu Trampın dollara tam güvənə bilməməsinə bir işarə kimi qəbul edilə bilər. Bu isə ABŞ-nin iqtisadi münasibətlərini daha da mürəkkəbləşdirə bilər və qlobal ticarətdə tarazlığı dəyişdirə bilər”.

İqtisadçı Elman Sadıqov isə qeyd edib ki, alternativ rezerv valyutaların yaradılması bir sıra çətinliklər vəd edir. O, belə təşəbbüslərin ya sanksiyalara məruz qalan, ya da resurs ölkəsi olmayan dövlətlər tərəfindən irəli sürüldüyünü bildirib. Məsələn, Rusiya neft və qaz ixrac edən ölkə olsa da, hazırda sanksiyaların təsiri altındadır. Elman Sadıqov, vahid valyuta ideyasının da ziddiyyətlərə yol aça biləcəyini vurğulayıb, çünki bu, müxtəlif ölkələrin milli valyutaları arasında problemlər yarada bilər.

Ümumiyyətlə, ekspertlər dollara alternativ valyutaların yaradılmasının mümkün olduğunu, lakin bunun bir sıra iqtisadi, siyasi və texnoloji çətinliklər tələb etdiyini vurğulayırlar. Alternativ valyutaların qlobal miqyasda qəbul edilməsi üçün etimad qazanması və güclü iqtisadiyyatlar tərəfindən dəstəklənməsi vacibdir.