2014-cü ildə Azərbaycanın dövlət xərclərində 2,2% artım müşahidə olunacaq.
Bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" ("Global Economic Prospects") adlı məruzəsində məlumat verilir.
Bankdan verilən proqnoza görə, 2015-2016-cı illərdə Azərbaycanın dövlət xərclərində 3%-ə qədər artım qeydə alınacaq.
Azərbaycan hökumətindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinin xərcləri 2,8% azalaraq, 6,07 milyon manat (ÜDM-un 33,3%-i) təşkil etmişdir.
Bununla yanaşı, Dünya Bankı yaxın bir neçə il ərzində ölkənin istehlak xərclərində də cüzi artımın olacağını proqnozlaşdırır. Proqnozda qeyd olunur ki, cari il ərzində istehlak xərclərində 10,2%, 2015 və 2016-cı illərdə isə uyğun olaraq 10,3% və 10,7% artım müşahidə olunacaq.
2014-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan əhalisi ticarət obyektlərindən 6 586,3 milyon manat məbləğində istehlak malları alıb. Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə, 9,1% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə əhali ticarət obyektlərindən 3,425 milyard manat (2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə, 2,1% çoxdur) məbləğində ərzaq məhsulları və 3,161 milyard manat (artım - 17,6%) məbləğində qeyri-ərzaq məhsulları əldə edib.
Sevinc İbadova/Banco.az