Almaniyanın “Commerzbank”ı bir neçə min iş yerini ixtisar etmək imkanını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb.
Məlumata görə, şirkət rəhbərliyi yaxın həftələrdə işçi şurasına ixtisar planı haqqında məlumat verməyi planlaşdırır.
“Commerzbank”ın yeni baş direktoru Bettina Orlopp fevralın 13-də bankın yenilənmiş strategiyasını təqdim etməli və investorlara onun gəlirliliyi təkmilləşdirə və səhmdarların ödənişlərini artıra biləcəyini göstərməlidir.
Həmkarlar ittifaqları xəbərdarlıq edir ki, 15 minə yaxın iş risk altında ola bilər.
Xatırladaq ki, “Commerzbank” 2021-ci ildən minlərlə iş yerini ixtisar edib və 800 filialını bağlayıb. Bu dəyişikliklər banka əməliyyat mənfəətini artırmağa və səhm qiymətini üç dəfə yüksəltməyə imkan verib. 2023-cü ildə “Commerzbank” ilk dəfə səhmlərin geri alınması proqramına başlayıb.