Müəllif:Ayşən İmanova/Banco.az
"Huawei" smartfonlarının satışı Çində avqust ayında 46 aydan sonra ilk dəfə "Apple"ı geridə qoyub.
Banco.az xəbər verir ki, bu barədə “South China Morning Post” CINNO tədqiqat firmasının hesabatına istinadən məlumat yayıb.
Analitik mərkəzinin məlumatına görə, avqust ayında xarici smartfonların, o cümlədən "iPhone"un tədarükü illik hesablamada 12,7% azalaraq 1,87 milyon ədədə düşüb. Bununla belə, yerli smartfonların tədarükü 26,7% artaraq 24,05 milyon ədədə çatıb.
"Huawei"in uğuru əsasən "Mate" və "Pura" seriyalı flaqman modellərə, eləcə də qatlanan smartfonlara olan yüksək tələblə əlaqələndirilir.
"TechInsights"in məlumatına görə, bu, şirkətə orta satış qiyməti və topdansatış gəlirində rekord göstəricilər əldə etməyə imkan verib.
Qeyd edək ki, Çin smartfon bazarı bu il sabit artım nümayiş etdirir. “IDC”nin məlumatına görə, ümumi daxili tədarüklərin 140 milyon ədədi ötdüyü birinci yarımillikdə “Huawei” 17,5% payla lider olub ki, bu da illik müqayisədə 7,7% çoxdur.