Müəllif:Mehin Qasımova,Banco.az
Çin Xalq Bankı (PBOC) avqust ayı üçün qızıl ehtiyatlarını artıraraq ehtiyatlarının ABŞ dollarından diversifikasiyası istiqamətində addımlarını davam etdirir.
Banco.az xəbər verir ki, rəsmi məlumata görə, mərkəzi bankın külçə qızıl ehtiyatları ötən ay 0,06 milyon troy unsiya artaraq 74,02 milyon troy unsiyaya çatıb. Çin noyabr ayında başladığı alış dövrü ərzində ümumilikdə 1,22 milyon troy unsiyası qızıl toplayıb.
Qızıl qiymətləri bu yaxınlarda rekord səviyyəyə yüksəlib. ABŞ-da faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər və Ağ Evin Federal Ehtiyat Sisteminə (FED) yönəlik təzyiqləri qiymət artımına yeni təkan verib. Goldman Sachs-ın qiymətləndirməsinə görə, külçə qızıl bu il 30 faizdən çox bahalaşaraq unsiya üçün 3 500 dolları ötüb. Bankın proqnozuna görə, FED-in müstəqilliyinə vurulacaq hər hansı zərbə qızılın qiymətini 5 000 dollara yaxınlaşdıra bilər.
Ümumdünya Qızıl Şurasının son hesabatında bildirilir ki, qiymət artımı fonunda qlobal mərkəzi bankların qızıl alışı nisbətən zəifləsə də, artan geosiyasi risklər rəsmi sektorda bu metalın tələbinə dəstək verməkdə davam edəcək.