Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (mərkəzi bank) qızıl alışını davam etdirib.
Banco.az xəbər verir ki, açıqlanan məlumatlara görə, Çin Mərkəzi Bankının qızıl ehtiyatları ötən ay 320 min unsiya artıb və bununla da qızıl alışları ardıcıl 19-cu aya çatıb. Bu göstərici, Çin Mərkəzi Bankının qızıl ehtiyatları ilə bağlı daha müntəzəm məlumat dərc etməyə başladığı ən azı 2015-ci ildən bəri qeydə alınan ən uzun alış seriyası olub.
Qızıl qiymətləri yanvar ayının sonunda rekord səviyyəyə yüksəldikdən sonra may ayında enişə keçərək ardıcıl üçüncü aylıq geriləməni qeydə alıb. Yaxın Şərqdəki müharibənin yaratdığı davamlı inflyasiya narahatlıqları və faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilər gəlir gətirməyən aktivlərin cəlbediciliyini azaldıb.
Son illərdə dünya üzrə mərkəzi bankların qızıl alışları qızıl bazarı üçün mühüm dəstək amillərindən biri olub. “Goldman Sachs” ötən ay yaydığı açıqlamada bildirib ki, geosiyasi proseslər ehtiyatların şaxələndirilməsi meylini gücləndirəcəyindən qızıl alışlarının artacağı gözlənilir.
Çin Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, ölkənin ümumi valyuta ehtiyatları 3 trilyon 411 milyard dollardan 3 trilyon 442 milyard dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
