Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin 2025-ci il üçün iqtisadi artım hədəfini 5 faiz səviyyəsində müəyyənləşdirib.
Banco.az xəbər verir ki, Çin 2025-ci il üçün iqtisadi artım hədəfini təxminən 5 faiz, büdcə kəsiri hədəfini isə ümumi daxili məhsulun (ÜDM) təxminən 4 faizi səviyyəsində müəyyən edib.
Hədəfləri çərşənbə günü səhər saatlarında hökumətin illik fəaliyyət hesabatını Pekindəki milli parlamentə təqdim edən Baş nazir Li Çianq açıqlayıb. Beləliklə, Çin ardıcıl üçüncü il bu iddialı proqnozu qoruyub saxlayıb. Büdcə kəsiri/ÜDM nisbəti hədəfi isə son 30 ildən çox müddətin ən yüksək səviyyəsinə işarə edir. Çin 2025-ci ildə müdafiə xərclərini ötən il olduğu kimi, 7,2 faiz artırmağı planlaşdırır. Bu hədəflər iqtisadçıların gözləntilərinə uyğun səviyyədə açıqlanıb.
ABŞ Prezidenti Donald Trampın ölkəyə əlavə 10 faizlik gömrük rüsumu tətbiq etməsindən bir gün sonra açıqlanan bu hədəflər iqtisadiyyatın daha güclü stimullaşdırıcı tədbirlərlə dəstəklənəcəyi gözləntilərini artırıb. "Australia & New Zealand Banking Group"un Çin üzrə baş iqtisadçısı Reymond Yeunq bildirib: “Bu, iddialı bir artım hədəfidir və bu da o deməkdir ki, rəsmilər iqtisadi artımı dəstəkləməli olacaqlar.”
Bizi sosial şəbəkələrdən izləyin!!