Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın tarif tətbiqindən sonra “Google”a qarşı təhqiqat başladan Çin indi də “Apple”ın “App Store” ödənişləri ilə bağlı araşdırma açmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Çinin rəqabət qurumu “Apple”ın strategiyası və tətbiq tərtibatçılarından aldığı ödənişlərlə bağlı potensial bir araşdırma üçün zəmin hazırlayır.
“Bloomberg” nəşrinin xəbərinə görə, müvafiq qurum “Apple”ın tətbiqdaxili xərclərdən 30%-ə qədər komissiya götürməsi, həmçinin xarici ödəniş xidmətlərini və mağazalarını qadağan etməsi ilə bağlı marka strategiyalarını araşdırdığını bildirib. Məlum olduğu kimi, qurumun nümayəndələri ötən ildən bəri “Apple” rəhbərliyi və tətbiq tərtibatçıları ilə görüşlər keçirirdi.
Mənbələrin bildirdiyinə görə, çinli tənzimləyici orqanlar “Apple”ın yerli tərtibatçılardan əsassız dərəcədə yüksək rüsumlar tələb etdiyinə inanır. Mütəxəssislər üçüncü tərəf tətbiq mağazalarının və ödəniş üsullarının məhdudlaşdırılmasının rəqabəti zəiflətdiyini və yerli istehlakçılara ziyan vurduğunu düşünür. “Apple” bu siyasətlərdə dəyişiklik etməkdən imtina edərsə, hökumətin rəsmi araşdırma başlada biləcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!