Chevron yanvar-mart aylarında Hess-in təxminən 5% səhmlərini açıq bazarda alıb | Banco.az

Chevron yanvar-mart aylarında Hess-in təxminən 5% səhmlərini açıq bazarda alıb

Müəllif - Fərid İslamov - Banco.az

Chevron Corp. 2025-ci ilin yanvar-mart aylarında açıq bazarda Hess Corp.-un 15,38 milyon səhmindən ibarət paketi satın alıb. Bu, şirkətin Hess səhmlərinin 4,99%-nə bərabərdir.

Chevron-un ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatda qeyd olunur ki, səhmlər, 2023-cü ildə Hess-in satın alınması ilə bağlı razılaşma çərçivəsində nəzərdə tutulmuş dəyərdən daha aşağı qiymətlərlə alınıb. Səhmlərin alınması Chevron-un Hess ilə razılaşmanı başa çatdırmaqda əmin olduğunu göstərir.

Cümə günü bazar bağlanışı zamanı Hess-in səhmlərinin qiymətinə əsasən, alınan paketin dəyəri təxminən 2,27 milyard dollar təşkil edir.

Chevron, 2023-cü ilin oktyabrında Hess-i 53 milyard dollara almaq niyyətində olduğunu elan etmişdi. Plana əsasən, Hess səhmdarları hər bir səhmləri üçün 1,025 Chevron səhmi almalı idi. Razılaşmanın elan edildiyi anda, Hess-in bir səhminin dəyəri təxminən 171 dollar idi.

Chevron-un Hess-i almaq qərarı əsasən, Exxon Mobil Corp.-un operatoru olduğu Guyana neft layihəsindəki payı ilə əlaqədardır.

Lakin, razılaşmadan təxminən yarım il sonra Exxon, layihədəki payın alınmasında üstün hüquqlara malik olduğunu bəyan edib.

Bu məsələ ilə bağlı Beynəlxalq Ticarət Palatasında araşdırmalar may ayında başlayacaq, və qərarın sentyabr ayında çıxarılması gözlənilir.