Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ və bir sıra ölkələrin gömrük rüsumlarının tətbiqi ilə əlaqədar qlobal iqtisadiyyatın sabitliyi üçün risklər kəskin şəkildə artıb.
Banco.az xəbər verir ki, bu nəticə Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqtonda təqdim etdiyi qlobal maliyyə sabitliyinə dair hesabatında yer alıb.
Ekspertlərin fikrincə, 2025-ci ilin fevralından etibarən ABŞ-ın tarif elanları və digər ölkələrin əks tədbirləri qeyri-müəyyənliyə səbəb olub.
“Aprelin 2-də tətbiq edilən tariflərin gözlənilməz dərəcədə böyük olması analitiklərin daha yavaş artımla bağlı gözləntilərinə əhəmiyyətli düzəliş kimi xidmət etdi”,- deyə hesabatda bildirilib.
BVF ekspertləri belə nəticəyə gəlirlər ki, maliyyə şərtlərinin sərtləşməsi və iqtisadi qeyri-müəyyənliyin artması səbəbindən qlobal iqtisadiyyatın maliyyə sabitliyi üçün risklər əhəmiyyətli dərəcədə artıb. Onlar gələn il qlobal artımın 0,4%-dən aşağı düşə biləcəyi ehtimalının 5% olacağını proqnozlaşdırırlar ki, bu da 2024-cü ilin oktyabr tarixli analoji hesabatda yer alan təxminlərdən tam faiz bəndi aşağıdır.