Müəllif:Mehin Qasımova,Banco.az
Avropa enerji mənbələrindən asılı olaraq qalır, lakin bu asılılığın xarakteri son illərdə dəyişib.
Banco.az xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer açıqlamasında bildirib.
O qeyd edib ki, Avropa əvvəlki kimi enerji asılılığını aradan qaldıra bilməyib, sadəcə bu asılılığın mənbəyi dəyişib.
Ekspertin sözlərinə görə, Avropa bir vaxtlar Rusiyadan enerji tədarükündən asılı idisə, hazırda əsasən qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarından asılı vəziyyətə düşüb. Bu isə qısamüddətli qiymət dalğalanmalarına və bazardakı qeyri-sabitliyə daha həssaslıq yaradır.
Kammer hesab edir ki, bu riski azaltmaq üçün Avropa ölkələri karbohidrogenlərdən asılılığı azaltmalı və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməlidir. Onun fikrincə, bu addım Avropanın xarici geoiqtisadi şoklara daha az həssas olmasına kömək edə bilər.
Bu arada, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yaxın Şərqdə artan gərginlik fonunda enerji qiymətlərinin yüksəlməsi ilə bağlı bəzi Avropa İttifaqı ölkələrinin tənqidlərinə baxmayaraq, Brüsselin qazıntı yanacaqlarından imtina kursunu davam etdirəcəyini bildirib.
Von der Leyen qeyd edib ki, Avropa İttifaqı enerji təhlükəsizliyini gücləndirmək və gələcək böhranlardan qorunmaq üçün yaşıl iqtisadiyyata keçidi sürətləndirməkdə qərarlıdır.
