Müəllif: Tamara Mustafayeva, Banco.az
“Uber” və “Wayve” Londonda robotaksi xidməti ilə bağlı əməkdaşlıq edirlər.
Banco.az xəbər verir ki, İngiltərədə “Uber” istifadəçiləri artıq Londonda “Wayve” şirkətinin avtonom avtomobili vasitəsilə robotaksi xidmətindən yararlana biləcəklər. Bununla da “Uber”, ABŞ-da robotaksi sahəsinin lideri hesab olunan “Alphabet” şirkətinə məxsus sürücüsüz nəqliyyat vasitələri istehsalçısı “Waymo” ilə birbaşa rəqabətə başlayacaq.
“Uber” bu gün Londonda “Wayve”in sürücüsüz idarəetmə sistemi ilə təchiz edilmiş, şirkətin loqosu yerləşdirilmiş qara rəngli “Ford Mustang Mach-E” modeli üçün istifadəçi qeydiyyatını açıb. Avtonom idarəetmə texnologiyasını “Wayve” təmin edərkən, sərnişinlərin avtomobillə qarşılıqlı əlaqəsini əhatə edən salon dizaynı “Uber” tərəfindən hazırlanıb. Sistem 64 dili dəstəkləyən interaktiv sensor ekranlarla təchiz olunub.
“Uber” Londonda robotaksi xidmətini işə salmaq üçün tənzimləyici qurumların təsdiqini gözləyir.
Şirkət hələlik dəqiq başlanğıc tarixi açıqlamayıb və xidmətin yalnız müvafiq icazələr alındıqdan sonra yaxın aylarda istifadəyə veriləcəyini bildirib. Xidmət istifadəyə başladıqdan sonra “Uber” tətbiqi vasitəsilə sifariş verən müştərilər ənənəvi sürücülü avtomobillərlə müqayisədə əlavə ödəniş etmədən “Wayve”in avtonom nəqliyyat vasitələrinə yönləndirilə biləcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!
