Qlobal maliyyə bazarları üçün 20-24 noyabr həftəsində ən vacib iqtisadi xəbərlər ABŞ, Böyük Britaniya və avrozonada açıqlanacaq. Xatırladaq ki, bu həftə Şükranlıq bayramı səbəbi ilə qısa həftə olacaq və noyabrın 23-ü bir çox ölkədə iş günü olmayacaq.
Həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirilib:
1) Noyabrın 22-də Bakı vaxtı ilə saat 23:00-da ABŞ Federal Ehtiyat Sistemi (FED) son iclasının protokollarını açıqlayacaq. Bununla yanaşı, noyabrın 21-də FED rəhbəri Canet Yellenin Nyu-Yorkda çıxışı diqqətlə izlənəcək;
2) Noyabrın 23-də ABŞ-da oktyabr ayı üzrə uzunmüddətli mal sifarişlərinin həcmi ilə bağlı göstərici açıqlanacaq. Bu göstəricinin 0,3% artması ehtimal edilir. Qısa həftədə ABŞ-da təkrar əmlak bazarında satışın həcmi, məşğulluq və istehlakçıların əhval-ruhiyyə indeksi açıqlanacaq. Bu həftə həmçinin, ABŞ Senatında vergi islahatları ilə bağlı qanun səsverməyə çıxarılacaq;
3) Noyabrın 22-də Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyada III rüb üzrə ÜDM-in artım göstəricisinin son variantı açıqlanacaq. Analitiklər iqtisadi artımın III rübdə 0,4% olacağını ehtimal edirlər. Həmçinin, Böyük Britaniyada "Brexit"lə bağlı açıqlamalar diqqət mərkəzində olacaq;
4) Noyabrın 23-də Bakı vaxtı ilə saat 13:00-da avrozonada noyabr ayı üzrə istehsal və xidmət sektorunda fəallıq göstəricisi açıqlanacaq. Analitiklər bu göstəricinin bir qədər azalacağını proqnozlaşdırırlar;
5) Noyabrın 20-də Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Dragi Avropa Parlamentində avrozona iqtisadiyyatı və monetar siyasətlə bağlı hesabat verəcək.
Mənbə: Report.az