Bu cərimələr 300 manatdan 800-ə qaldırılır | Banco.az

Bu cərimələr 300 manatdan 800-ə qaldırılır

Çağırışçılar və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneə törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən sözügedən əmələ görə vəzifəli şəxslər 80 manatdan 150 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Digər dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Həmçinin ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın icra hakimiyyəti orqanına getməməsinə görə də cərimələr artırılır.

Layihəyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, sözügedən cərimənin məbləği 30 manatdır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.