Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ilin üçüncü rübünə dair iqtisadi artım göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, ölkə iqtisadiyyatı sözügedən dövrdə əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb. Bazarlarda proqnoz ilin ikinci rübündə 0,3 faiz böyüyən Britaniya iqtisadiyyatının üçüncü rübdə 0,2 faiz artması istiqamətində idi.
Xidmət sektorunda artım 0,2 faiz olub. Tikinti sektoru 0,1 faiz böyüyüb, istehsal (emal) sənayesi isə 0,5 faiz daralıb.
İlin üçüncü rübündə Böyük Britaniya iqtisadiyyatının illik artımı 1,3 faiz səviyyəsində qeydə alınıb.
Sentyabr ayında isə iqtisadiyyat aylıq müqayisədə 0,1 faiz kiçilib.
Üçüncü rübdə gözləniləndən daha zəif artımın səbəblərindən biri kimi sentyabr ayında mühərrikli nəqliyyat vasitələrinin istehsalında azalma göstərilib. Həmin ay bu istehsal sahəsində 28,6 faiz azalma baş verib ki, bu da KOVID-19 pandemiyasının başladığı 2020-ci ilin aprelindən bəri qeydə alınan ən kəskin eniş olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
